Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2011-ci il yanvarın 17-də Latviyada səfərdə olublar.
Prezident İlham Əliyevin Latviyaya dövlət səfəri çərçivəsində birinci xanım Mehriban Əliyeva üçün xüsusi səfər proqramı tərtib olunub.
Yanvarın 17-də Latviyada dövlət səfərində olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Riqa” qəsrində rəsmi qarşılanma mərasimi olub.
Latviya Prezidenti Valdis Zatlers və xanımı Lilita Zatlere Azərbaycan Prezidenti İlham Əliyevi və xanımı Mehriban Əliyevanı qarşıladılar.
Latviyanın dövlət və hökumət nümayəndələri Azərbaycan Prezidenti İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri Latviya Prezidenti Valdis Zatlersə təqdim olundu.
Prezidentlər və xanımları rəsmi foto çəkdirdilər.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva “Riqa” qəsrinin “Gerblər” salonunda Fəxri qonaqlar kitabına ürək sözlərini yazdılar.
Sonra hədiyyələr təqdim edildi.
X X X
Latviyanın birinci xanımı Lilita Zatlere ilə görüş
Yanvarın 17-də Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ilə Latviyanın birinci xanımı Lilita Zatlere arasında görüş oldu. Birinci xanımlar çay süfrəsi arxasında söhbət etdilər.
X X X
“Putti” İncəsənət Qalereyası ilə tanışlıq
Yanvarın 17-də Mehriban Əliyeva Riqada “Putti” İncəsənət Qalereyasında olub.
2000-ci ildə təsis olunmuş qalereyanın məqsədi Latviyanın zərgərlik məmulatlarının müasir dizaynının təbliğ edilməsi və beynəlxalq səviyyədə tanıdılmasına dəstək verməkdir.
Mehriban Əliyeva burada Yeni il və Milad bayramı münasibətilə təşkil edilmiş sərgi, müxtəlif müəlliflərin əl işləri ilə tanış oldu.
X X X
Riqada “Saule” Sosial İnkişaf Mərkəzi ilə tanışlıq
Yanvarın 17-də birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Riqada “Saule” Sosial İnkişaf Mərkəzində olub.
1995-cü ildə beynəlxalq donorlar tərəfindən təsis olunmuş bu qeyri-hökumət təşkilatının məqsədi əqli cəhətdən zəif insanların öz imkanları daxilində cəmiyyətə maksimum inteqrasiya olunmasına yardım göstərməkdir.
Mehriban Əliyeva mərkəzlə tanış olduqdan sonra onun üzvlərinin ifasında konsert proqramına tamaşa etdi.
Azərbaycanın və Latviyanın birinci xanımlarına hədiyyələr təqdim olundu. Heydər Əliyev Fondunun adından “Saule” Sosial İnkişaf Mərkəzinə noutbuklar təqdim edildi.
Sonda mərkəzin üzvləri ilə xatirə şəkli çəkdirildi.
X X X
Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın şərəfinə rəsmi ziyafət
Yanvarın 17-də Latviya Prezidenti Valdis Zatlers və xanımı Lilita Zatlerenin adından Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın şərəfinə rəsmi ziyafət verilib.
17 yanvar 2011-ci il