Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva XXV Beynəlxalq “Xəzər Neft və Qaz-2018” sərgisi ilə tanış olublar

Mayın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakı Ekspo Mərkəzində XXV yubiley Beynəlxalq “Xəzər Neft və Qaz-2018” sərgisi ilə tanış olublar.

Dövlətimizin başçısına və xanımına sərgi barədə məlumat verilib.

Builki sərgidə 38 ölkədən 312 neft-qaz şirkəti iştirak edir. Belarus, İtaliya və Rusiya tədbirdə milli qruplarla təmsil olunur.

Sərgi təşkilatçıları Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə xatirə şəkli çəkdiriblər.

Sonra dövlətimizin başçısı və xanımı sərgi və konfransın xatirə kitabını imzalayıblar.

Azərbaycanın ilk beynəlxalq ixtisaslaşmış “Xəzər Neft və Qaz" sərgi və konfransının 25 illik yubileyi münasibəti ilə nadir poçt markaları buraxılıb. Marka növlərindən birində “Xəzər Neft və Qaz” sərgisinin yubiley loqotipi və rəmzi neft platforması təsvir edilib. Digər markada isə Xəzərin sahilində Bakını təsvir edən rəsm əsərinin reproduksiyası verilib. Bundan əlavə, birinci sərgiyə həsr olunmuş poçt zərfi və xüsusi poçt ştempeli hazırlanıb.

Prezident İlham Əliyev poçt markalarına möhür vurub.

Sərgi təşkilatçıları adından dövlətimizin başçısına və birinci xanıma xatirə hədiyyələri təqdim olunub.

Sonra Prezident İlham Əliyev “Xəzər Neft və Qaz” sərgi-konfransının 25 illiyi münasibətilə Azərbaycanın nailiyyətlərinin təbliğində və xarici ölkələrlə əməkdaşlığının möhkəmləndirilməsində xidmətlərinə görə “ITE Group Plc” şirkətinin baş məsləhətçisi Endryu Vuda və “ITE Group Plc” şirkətinin regional direktoru Strahan Edvard Corc Dankana “Dostluq” ordenini təqdim edib.

Dövlətimizin başçısı “Xəzər Neft və Qaz” sərgi-konfransının 25 illiyi münasibəti ilə və ölkəmizdə sərgilərin təşkilindəki xidmətlərinə görə “İTECA Caspian” şirkətinin icraçı direktoru Fərid Məmmədova “Tərəqqi” medalını təqdim edib.

Sonda xatirə şəkilləri çəkdirilib.