Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Lənkəran rayonuna səfər ediblər

Oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Lənkəran rayonuna səfərə gəliblər.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Lənkəran şəhərindəki Heydər Əliyev xatirə parkında Ulu Öndərin yeni ucaldılan abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar.

XXX

Oktyabrın 15-də Prezident İlham Əliyevin Lənkərana səfəri çərçivəsində İstisu və Sağlamlıq Mərkəzinin təqdimatı olub.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərkəzdə görülən işlərlə tanış olublar.

Məlumat verilib ki, Lənkəran İstisu Sanatoriyası ilk dəfə 1958-ci ildə istifadəyə verilib. 1974-cü ildə ərazidə dördmərtəbəli sanatoriya binası inşa edilib.

Lənkəran İstisu və Sağlamlıq Mərkəzinin inşasına 2016-cı ilin noyabrında başlanılıb. Mərkəzin 182 nömrəlik otel binası ən yüksək standartlar səviyyəsində inşa olunub. Kompleksə daxil olan digər xidmət sahələrinin inşası davam etdirilir. Otel binasının interyerinin tərtibatında orijinal mebel və aksesuarlardan istifadə olunub. Otelin doqquzmərtəbəli binasında istər uzunmüddətli müalicəvi istirahət, istərsə də həftə sonlarında asudə vaxt keçirmək üçün hər cür şərait yaradılıb.

Kompleksdə müasir restoranlar fəaliyyət göstərir. Restoranlarda turistlərə Azərbaycan və dünya mətbəxinin nümunələri təqdim olunacaq.

Dövlətimizin başçısı və xanımı oteldəki nömrələrdə yaradılan şəraitlə tanış olublar.

Lənkəran İstisu və Sağlamlıq Mərkəzində yerləşən ikimərtəbəli tibb mərkəzi də müasir avadanlıqla təchiz edilib. Müasir laboratoriya, rentgen və ultrasəs müayinələri üçün lazımi şəraitin yaradıldığı mərkəzdə elektroterapiya, fizioterapiya, jet masaj, maqnitoterapiya, hidroterapiya, hidrokolonterapiya, palçıq müalicəsi, mexanoterapiya otaqları var. Burada müalicə alanlar masaj və palçıq applikasiya otaqlarından istifadə edə bilərlər. Tibbi mərkəzdə aptek də fəaliyyət göstərəcək.

Prezident İlham Əliyev istisu vannaları ilə tanış olub.

Hazırda Lənkəran İstisu və Sağlamlıq Mərkəzində 12 aktiv su mənbəyi, o cümlədən 7 quyu və 5 bulaq mövcuddur. Mənbələr istilik dərəcəsinə əsasən izotermal, termal və hipertermal sular olaraq quruplaşdırılıb. Termal su yatağı üzrə xloridli-natriumlu-kalsiumlu sular üstünlük təşkil edərək karbon və azot qazlı sular qrupuna daxildir. Bundan əlavə, termal suyun tərkibində sulfat aniomları, kalium və kükürd var. Bu tip sular müalicəvi-mineral sular və mineral sular qrupuna aid edilir.

Lənkəran İstisu və Sağlamlıq Mərkəzində qan dövranı, sinir, sümük-əzələ sistemləri, birləşdirici toxumanın, tənəffüs orqanlarının, həzm sisteminin xəstəlikləri, maddələr mübadiləsi və qidalanma pozuntuları, dəri və dərialtı toxumanın və sidik-cinsiyyət sistemi xəstəliklərinin müalicəsi nəzərdə tutulub. Mərkəzin fəaliyyətə başlaması əksəriyyəti yerli işçilər olmaqla təqribən 250 nəfər üçün iş yerinin yaranmasına səbəb olacaq.

Burada 46 avtomobil yerlik qapalı, 80 avtomobil yerlik açıq avtodayanacaq da yaradılıb.

Komplekslə tanışlıqdan sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva rayon ictimaiyyətinin nümayəndələri və müəssisənin kollektivi ilə görüşüblər.

Dövlətimizin başçısı görüşdə çıxış edib.

Sakinlər göstərdiyi yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Sonda xatirə şəkli çəkdirilib.

XXX

Oktyabrın 15-də Lənkəran Olimpiya İdman Kompleksinin açılışı olub.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

Kompleksin tikintisinə 2013-cü ildə başlanılıb. Prezident İlham Əliyevin sərəncamları ilə Lənkəran Olimpiya İdman Kompleksinin tikintisinin davam etdirilməsinə ümumilikdə 15 milyon manat vəsait ayrılıb. Yüksək keyfiyyətlə aparılan tikinti işləri bu ilin oktyabrında başa çatdırılıb.

Bu, ölkəmizdə idmançıların ixtiyarına verilən sayca 44-cü Olimpiya İdman Kompleksidir. Ümumi ərazisi altı hektar olan idman qurğusunda bütün zəruri infrastruktur yaradılıb.

788 tamaşaçı yerlik universal idman salonunda idmanın müxtəlif növləri üzrə yarışlar təşkil etmək mümkündür. Kompleksin əhəmiyyətini artıran cəhətlərdən biri də burada müasir mehmanxananın yaradılmasıdır. Əlli üç yerlik mehmanxananın üçmərtəbəli binasında idmançıların qalması və istirahəti üçün hər cür imkan var. Mehmanxanada birnəfərlik, ikinəfərlik, üçnəfərlik, VIP otaqlar və 70 yerlik konfrans zalı mövcuddur.

Lənkəran Olimpiya İdman Kompleksinin ağır atletika və trenajor zalında idmançılar üçün hərtərəfli şərait yaradılıb. Məşqçilərin otaqları da məhsuldar fəaliyyət üçün hər cür imkana malikdir. Boks zalında məşqlərin keçirilməsi və yarışların təşkili üçün mükəmməl şərait var. İdmançılara həkim nəzarəti də yüksək səviyyədə təşkil olunub. Güləş zalı Beynəlxalq Güləş Federasiyasının standartlarına uyğun tikilib. Bu zalda 90 tamaşaçı yeri var.

Lənkəran Olimpiya İdman Kompleksinə daxil olan restoran və mətbəxdə də xidmətin müasir səviyyədə təşkili üçün hər cür şərait yaradılıb.

Buradakı üzgüçülük hovuzu ən müasir standartlara cavab verir. Hovuzun uzunluğu 25 metr, eni isə 12 metrdir. Ölkəmizdə yeniyetmə və gənclərin idmanın üzgüçülük növünə də marağı ildən-ilə artır. Bu zalda üzgüçülük yarışlarını 135 nəfər izləyə biləcək. Müasir standartlara cavab verən futbol meydançasında keçiriləcək yarışları tribunalardan 1300-ə qədər tamaşaçı izləyəcək. Burada mini futbol meydançası da idmançıların ixtiyarına verilib. Basketbol və voleybol meydançaları idmansevərlərə dəyərli töhfədir. Kompleks, həmçinin qaz, su-kanalizasiya, elektrik, rabitə xətləri ilə təchiz olunub. Həyətdə geniş abadlıq-quruculuq işləri görülüb, yaşıllıqlar salınıb, istirahət guşələri yaradılıb.

XXX

Oktyabrın 15-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Lənkəran filialının açılışında iştirak ediblər.

“Azərxalça” ASC-nin Lənkəran filialının binasının ümumi sahəsi 1249 kvadratmetrdir. Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 199-cu kilometrliyində yerləşən filialın binasının tikintisinə bu ilin martında başlanılıb. Tikinti işləri yüksək keyfiyyətlə aparılıb. Burada 150 toxucu və 14 inzibati-təsərrüfat işçisinin çalışması nəzərdə tutulub. Bina toxuculuq emalatxanası, inzibati otaq, anbar, yeməkxana, tibb otağı, xalça satışı salonu, konfrans zalı və digər bölmələrdən ibarətdir. Emalatxanada müxtəlif ölçülü 43 dəzgahda Azərbaycan xalçaları toxunacaq. Emalatxana zəruri xammal və ləvazimatlarla - müxtəlif rəngli yun iplərlə, həvə, qayçı, bıçaq kimi alətlərlə təmin edilib.

Sonra dövlətimizin başçısı və birinci xanım müəssisənin kollektivi ilə görüşüb söhbət ediblər.

Xalçaçılar ölkəmizdə bu qədim sənətin inkişafına göstərdiyi yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıq ediblər.

Sonda xatirə şəkli çəkdirilib.

XXX

Oktyabrın 15-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Lənkəran rayonuna səfərləri çərçivəsində Hirkan-Daştatük-Biləsər avtomobil yolunun yenidənqurmadan sonra açılışında iştirak ediblər.

Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya yolun texniki göstəriciləri barədə məlumat verilib.

Bildirilib ki, yolun uzunluğu 22 kilometrdir. Rayonun 7 yaşayış məntəqəsini birləşdirən Hirkan-Daştatük-Biləsər avtomobil yolunun tikintisinə Azərbaycan Prezidentinin Sərəncamına əsasən dövlət büdcəsinin investisiya xərclərindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 9,1 milyon manat vəsait ayrılıb. Görülən işlər nəticəsində Hirkan-Daştatük-Biləsər avtomobil yolu iki hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun şəkildə yenidən qurulub.

Yolun hərəkət hissəsinin eni 6 metrdir. Çiyinlər də daxil olmaqla yol yatağının eni isə 8-10 metr təşkil edir. Yol boyunca müxtəlif diametrli suötürücü borular tikilib, zəruri yerlərdə yol nişanları quraşdırılıb, yol-cizgi və yolgöstərici xətlər çəkilib, avtobus dayanacaqları inşa edilib.

Prezident İlham Əliyevə Astara rayonunun Ojakəran–Tüləküvan–Təngərüd avtomobil yolunun tikintisi barədə də məlumat verilib. Bildirildi ki, 9 min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən bu yolun uzunluğu 11 kilometrdir.

Dövlətimizin başçısı Astara rayonunun Taxtanəkəran-Miki, Taxtanəkəran-Toradi kəndlərarası avtomobil yollarının tikintisi ilə də maraqlanıb.

Məlumat verilib ki, 12 min nəfər əhalinin yaşadığı və 38 yaşayış məntəqəsini birləşdirən kəndlərarası avtomobil yollarının yenidən qurulması məqsədilə ümumilikdə 11,5 milyon manat vəsait ayrılıb. Yolların tikintisi yüksək səviyyədə həyata keçirilib. Həmin yolların ümumi uzunluğu 27,4 kilometrdir. Bu yollar da iki hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun yenidən qurulub.

Dövlətimizin başçısına və xanımına Astaraçay üzərində tikiləcək körpü və körpüyə qədər olan yolun planı barədə də məlumat verilib.

Sonda xatirə şəkli çəkdirilib.